AQRO

25 Aprel

“Respublikada taxıl əkinlərinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda videokonfrans keçirilib

Hazırda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdirilir. Yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyəti dəyərləndirmək və cari tapşırıqların icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələri tərəfindən mütəmadi videokonfranslar keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildiriblər ki, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi tərəfindən təşkil olunan növbəti videokonfransda “Respublikada taxıl əkinlərinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu müzakirə olunub. Videokonfransda şöbə müdiri Rafail Quliyev, Kürdəmir, Ağstafa, Ağsu, Göygöl, Qazax, Tovuz, Şəki, Ağdaş, Ucar, Göyçay rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərləri və mütəxəssisləri iştirak ediblər.

Videokonfransda bildirilib ki, 2019-cu ilin payızında taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, ümumilikdə, respublikanın rayonlarında 2020-ci ilin məhsulu üçün optimal müddətdə 640 min hektarı buğda, 369 min hektarı arpa olmaqla 1009,0 min hektarda dən üçün payızlıq taxıl bitkiləri əkilib, əvvəlki illə müqayisədə əkin zamanı gübrələrdən istifadə artaraq 55 min tona çatdırılıb, taxıl əkinlərində 35-40 faiz növbəli əkin sistemindən istifadə olunub. Hazırda taxıl sahələrində bitkilərin inkişafı qənaətbəxş səviyyədədir.

Videokonfransda suvarma suyu ilə təminat, növbəli əkin sxemlərinə, dəmyə bölgələrdə herik saxlanmasına üstünlük verilməsi və mümkün olan ərazilərdə kənd təsərrüfatı bitkilərinin (qarğıdalı, soya, günəbaxan, qarabaşaq və s.) təkrar əkinlərinin aparılması məsələləri ətrafında fikir mübadiləsi edilib.

Bununla yanaşı, videokonfransda taxıl sahələrində alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı aparılan aqrotexniki tədbirlərlərin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.