AQRO

24 Aprel

Astaranın sitrus və subtropik meyvə bağlarında aqrotexniki qulluq işləri görülür

Astara rayonunun fərdi və fermer təsərrüfatlarında 4 min 36 hektar sahədə sitrus və subtropik meyvə bağı salınıb. Ötən il bu bağlardan 44 min tondan çox məhsul tədarük edən fermerlər bu il məhsuldarlığı daha da artırmaq niyyətindədirlər. Hazırda bağlarda aparılan aqrotexniki qulluq işləri də bu məqsədə xidmət edir.

Fins.az-a xəbər verir ki, sitrus və subtropik meyvə bağlarında bol məhsulun təməli yaz aylarında qoyulur.

İyirmi ildən çoxdur sitrusçuluqla məşğul olan Astara sakini Xətai İsayev bildirib ki, ağaclara lazımi qulluq göstərilməsə nə məhsul olar, nə də ki, qazanc: “Təsərrüfatımızda 350-dək limon, portağal, mandarin, kinkan ağacı var. Havalar istiləşəndə, martın ortalarında Novruz bayramından sonra ağaclara qulluq işlərinə başlamışıq. Bu iş böyük zəhmət tələb edir. Ağacları dərmanlayır, dibinə üzvi, qeyri-üzvi gübrələr veririk. Bunları etməsək, məhsul əldə edə bilmərik”.

Sitrus və subtropik meyvə bağlarında ağacları xəstəlik və zərərvericilərdən qorumaq da vacibdir. Bu məqsədlə kimyəvi mübarizə tədbirlərinin apardıqlarını deyən təsərrüfat sahibinin sözlərinə görə, əks halda ağaclar inkişafdan qalar və məhsuldarlıq aşağı düşər: “Yaz aylarında xəstəliklər oyanır, dərman səpirik ki, xəstəliyin qabağını alaq, ağaclar sağlam olsun, təmiz meyvə gətirsin, yarpaqlar tökülməsin, ağac təmiz pöhrə versin”.

Dərmanlama ilə yanaşı, bağlarda ağacların dibi də yumşaldılır. Bu, rahat oksigenlə təmin etməklə bitkinin normal inkişafına zəmin yaradır.

Hazırda aparılan yaz qulluq işlərindən biri də qış aylarında şaxtadan qorunmaq üçün ağacın dibinə doldurulan torpağın üzərinə təbii peyinin tökülməsidir. Torpağı peyinlə qarışdırmaqla ağacın dibinin münbitliyinə nail olmaq mümkündür. Bu isə bol məhsula zəmin yaradır.

Sitrus meyvə ağacları həm də su sevəndir. Ona görə də suvarmaya daha çox tələbat duyulan yay aylarında bu məsələ diqqətdə saxlanılır.

Rayonun sitrus meyvə bağlarında aqrotexniki qulluq işləri mərhələlərlə məhsul yığımına qədər davam edəcək.