AQRO

24 Aprel

Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin həlli baxımından vacibliyi

Bu gün ölkəmizdə torpaqların dövlət idarəetməsinin təkmilləşdirilməsi, torpaq fondunun elmi əsaslarla istifadəsi, torpaq inzibatçılığında yeni yanaşmaların, intensiv metodların tətbiqi, o cümlədən torpaq istifadəçiliyində gəlirlilik meyarlarının artırılması istiqamətində mühüm iqtisadi əhəmiyyət kəsb edən tədbirlər görülür. Torpaq istifadəçiliyində dünya təcrübəsinə əsaslanan mütərəqqi idarəetmə üsulları və yeni texnologiyalar tətbiq edilir, kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən əkin dövriyyəsinə cəlb olunur, o cümlədən torpaqların rentabelliyi və faydalılıq prinsipi təmin edilir, torpaqların istifadəsinə nəzarət gücləndirilir.

Fins.az xəbər verir ki, Samux Rayon Statistika idarəsinin aparıcı məsləhətçisi Zülfüqar Məhərrəmovun Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların strukturunun statistik təhlili ilə bağlı qeydlərini təqdim edir.

Ölkə hüdudları daxilində yerləşən bütün kənd təsərrüfatı təyinatlı torpaqlar, kənd təsərrüfatına yararlı olmayan ərazilər, meşələr, bataqlıqlar, dağlıq sahələr və sair onun vahid torpaq fondunu təşkil edir. Azərbaycan Respublikasının vahid torpaq fondunun ümumi sahəsi 8655481 hektardır. Vahid torpaq fondunun ümumi sahəsinin 4,929776,0 hektarı (56,9 faiz) dövlət, 2023126 hektarı (23,4 faiz) bələdiyyə, 1702579,0 hektarı (19,7 faiz) xüsusi mülkiyyətə aid torpaqlardır.

“Torpaq məcəlləsi”nin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə tarla qoruyucu meşə zolaqları, təsərrüfatdaxili yollar, kənd təsərrüfatı təyinatlı tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı təyinatlı torpaqlara əkin yerləri, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaq sahələri aid edilir. Kənd təsərrüfatı torpaqları xüsusi olaraq qorunur.

Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və meşələrlə örtülən torpaqlar daxil edilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatına görə, kənd təsərrüfatına yararlı torpaqlar 4779,5 min hektar, yaxud ümumi ərazinin 55,2 faizinə bərabərdir. Bu torpaqlar xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda yol verilir. 1990-cı illərin əvvəllərindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkə ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş və onların nəzarəti altındadır.

Kənd təsərrüfatına yararlı torpaqların 43,9 faizi əkin yeri və dincə qoyulmuş torpaqlardan, 5,3 faizi çoxillik əkmələrdən, 50,8 faizi biçənək və örüş-otlaq sahələrindən ibarətdir. Ölkədə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi 1738 min hektara bərabərdir. Kənd təsərrüfatında istifadə edilməyən sahələr torpaq fondunun 44,8 faizi qədərdir. Azərbaycanda adambaşına 1,08 hektar torpaq fondu, 0,21 hektar əkin sahəsi, 0,48 hektar yararlı torpaq sahəsi düşür.

Azərbaycan dünyanın az torpaqlı ölkələri sırasındadır. Ona görə də torpaqların hər bir qarışının səmərəli istifadəsi və onun mühafizəsi ölkənin mövcud və gələcək təhlükəsizliyi üçün olduqca gərəklidir. Adambaşına düşən istər ümumi torpaq fondunun, istər kənd təsərrüfatına yararlı torpaqların, istərsə də əkin torpaqlarının ilbəil azalması məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Belə ki, ölkədə adambaşına düşən ümumi torpaq fondu 1960-cı ildə 2,26 hektardan 2018-ci ildə 0,87 hektara, həmin illərdə adambaşına düşən kənd təsərrüfatına yararlı torpaqlar 1,09 hektardan 0,48 hektara, əkin yeri isə 0,38 hektardan 0,21 hektara qədər azalıb. Adambaşına düşən ümumi torpaq fondunun azalması birbaşa əhalinin artımı ilə əlaqədar olsa da, kənd təsərrüfatına yararlı və əkin torpaqlarının azalması səbəbini təkcə bu amillə bağlamaq düzgün olmazdı. Bu azalmada torpaqların mühafizəsi, meliorativ vəziyyəti, təbii proseslərə məruz qalması, çirklənməsi və nəhayət istifadəsində yol verilən nöqsanlar da mühüm rol oynayır. Digər kateqoriyaya aid olan torpaqlardan əkin dövriyyəsinə torpaq sahəsi cəlb etmək indiki şəraitdə çox da asan məsələ deyil və buna külli miqdarda maliyyə vəsaitinin sərfi tələb olunur. Ona görə də ilk növbədə, kənd təsərrüfatı məhsulları istehsalı üçün yararlı olan mövcud torpaq ehtiyatlarının səmərəli istifadəsi daha önəmlidir. Əks təqdirdə ölkənin ərzaq təhlükəsizliyi problemlərinin həlli təhlükə qarşısında qala bilər .

Azərbaycanda kənd təsərrüfatı dövriyyəsinə əlavə torpaq sahəsinin cəlb edilməsi də problemlidir. Çünki bu, ya kənd təsərrüfatı təyinatlı torpaqların otlaq-örüş sahələri, ya da digər kateqoriyaya aid olan torpaqlar hesabına olmalıdır. Lakin qeyd etmək lazımdır ki, otlaq-örüş sahələrindən əkin dövriyyəsinə torpaq sahəsi cəlb edildiyi halda həm kənd təsərrüfatında heyvandarlığın inkişafı problemi qarşısında qala bilər, həm də ekoloji mühitə ciddi ziyan dəyə bilər.

Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun apardığı tədqiqatlar onu göstərir ki, Azərbaycanın təbii şəraitinin mürəkkəbliyi və antropogen amillərin gərginliyi nəticəsində eroziya prosesi əmələ gəlib və geniş miqyas alıb. Son məlumatlara əsasən ölkənin torpaq fondunun 3743,5 min hektarı, yaxud 43,3 faizi müxtəlif dərəcədə eroziyaya uğrayıb. Bunun 3061,7 min hektarı və ya 81,8 faizi su, 394,3 min hektarı və ya 10,5 faizi külək və 287,5 min hektarı və ya 7,7 faizi isə irriqasiya eroziyasına məruz qalıb. Azərbaycanın müxtəlif rayonlarında aparılan tədqiqatların nəticələri göstərir ki, ayrı-ayrı inzibati rayonlarda torpaq eroziyası 15,5 faizdən 93,4 faiz arasında dəyişir.

Eroziya prosesi ölkəyə böyük ziyan vurduğundan onunla mübarizə ümumdövlət əhəmiyyətli problem kimi qarşıda durur.

Göründüyü kimi, ölkənin kənd təsərrüfatı təyinatlı torpaq ehtiyatları bir sıra təbii və texnogen amillərin təsiri nəticəsində deqradasiyaya (dəyişikliyə) uğrayaraq, əkin dövriyyəsindən çıxmaq təhlükəsi ilə üzləşib. Bu təhlükəni bir tərəfdən torpaqda baş verən mənfi proseslərin qarşısını almaqla, digər tərəfdən əkin dövriyyəsinə yeni torpaq sahəsi cəlb etməklə aradan qaldırmaq mümkündür.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, son səkkiz il ərzində kənd təsərrüfatına yararlı torpaqlar 10,8 min hektar, yaxud 100,03 faiz orta artım sürəti ilə artaraq 4779,5 min hektara yüksəlib. Bu illər ərzində kənd təsərrüfatı təyinatı torpaqlar başqa ölkələrdə olduğu kimi azalmayıb, əksinə artıb.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi və onun icrasını təmin edən normativ hüquqi aktlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 872,4 min ailə (3,4 milyon subyekt) torpaq mülkiyyətçisinə çevrilib və iş yerləri ilə təmin olunub.

Aparılan araşdırmalar göstərir ki, kənd təsərrüfatına yararlı torpaqların səmərəli istifadəsində problemlər hələ də mövcuddur. Belə ki, hesablamalara görə hər il əkin torpaqlarının 25-30 faizi istifadəsiz qalır, 35-40 faizində isə məhsuldarlıq torpağın məhsulvermə imkanlarından xeyli aşağıdır. Bunların əsas səbəbləri sırasına yerlərdə əkin suyunun çatışmazlığını, lazımi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməməsini, maddi-texniki resurslara təminatın aşağı səviyyədə olmasını, növbəli əkin sisteminin tətbiq edilməməsi, bazar iqtisadiyyatı qanunlarının tələblərinə düzgün əməl edilməməsini və sair aid etmək olar.

FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) proqnozuna görə, 2050-ci ildə dünyada adambaşına düşən torpaq sahəsi 1960-cı ildəki həcmin dörddə biri qədər olacaqdır. Bunun, yəni torpağın deqradasiyasının əsas səbəbləri aşağıdakılardır: artıq otarılma (35 faiz) (mal-qaranın örüş otlaq sahəsində normadan artıq otarılması və bunun bitki örtüyünə mənfi təsir göstərməsi), meşələrin qırılması (30 faiz) və ekoloji tarazlığın pozulması, bitki örtüyünün aşırı istismarı (7 faiz), kənd təsərrüfatı fəaliyyəti (27 faiz), sənaye fəaliyyəti (1 faiz).

Əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalır. İstinad olunan rəsmi mənbələrə görə ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o cümlədən 15,5 faiz şiddətli), 1332,5 min hektar müxtəlif dərəcədə şoranlaşmış (o cümlədən 220537 hektar çox şiddətli), 1339,0 min hektarı (o cümlədən 8450 hektarı şiddətli) isə bu və ya digər səviyyədə şorakətləşmişdir.

Hesablamalara görə əhalinin ərzaq məhsullarına olan tələbatını təmin etmək üçün adambaşına 0,50 hektar əkin sahəsi olmalıdır. Dünyada adambaşına düşən əkin sahəsi 0,25 hektar (bu rəqəm bir çox ölkələrdə normadan aşağıdır), Azərbaycanda isə 0,19 hektara bərabərdir. Deməli, əkin torpaqları az olan bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da əhalinin ərzaq təhlükəsizliyini həm indi, həm də gələcəkdə təmin etmək üçün yollar axtarılmalı, dünya ölkələrinin təcrübəsinə əsaslanaraq problemin həlli istiqamətində lazımi tədbirlər işlənib həyata keçirilməlidir.

1991-ci ildən 1999-cu ilədək olan dövrdə kənd təsərrüfatı bitkilərinin əkin sahələri ildə orta hesabla 91,4 min hektar azalaraq 832,7 min hektar təşkil edib və ümumi əkin sahəsi 1991-ci ildə 1472,8 min hektardan 1999-cu ildə 832,7 min hektaradək azalıb. Görülən tədbirlər nəticəsində 2000-ci ildən etibarən, kənd təsərrüfatı bitkilərinin əkin sahəsi artmağa başlayıb.

2011-ci ildən başlayaraq 2018-ci ilədək kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin orta artım sürəti 100,2 faiz, yaxud 129,8 min hektar artaraq 1738 min hektara çatıb.

Azərbaycanda iqlim kənd təsərrüfatı bitkilərinin bütün ilboyu becərilməsinə imkan versə də, torpaq fondunun 55,2 faizi kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonasına aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir.

Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı sahələrinin üçdəbirini (1449,4 min hektar) təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizə qədəri bu torpaqlardan götürülür. Araşdırma aparılan bu illər (1990-2018) ərzində əkin sahələrinin strukturunda da dəyişikliklər baş verib. Belə ki, 2018-ci ildə 1990-cı ilə nisbətən texniki bitkilər 43,6 faiz, yemlik bitkilər isə 33,7 faiz azalıb.

Mütəxəssislərin qənaətinə görə, Azərbaycanda torpaqların tənəzzülə uğraması əsasən mal-qaranın örüş-otlaq sahələrində normadan artıq otarılması (artıq yüklənmə), meşələrin qırılması, floranın məhv edilməsi və torpaqların səmərəsiz istifadəsi və sənaye istehsalının təsiri nəticəsində baş verir. Bununla yanaşı, torpaqların və suvarma suyunun kimyəvi çirklənməsi, kənd təsərrüfatı bitkilərinin pestisidlər və aqrokimyəvi maddələrlə düzgün işlənilməməsi nəticəsində baş verən kimyəvi çirklənmə də bu qəbildən olan məsələlərdəndir.

Azərbaycanda rekultivasiya tədbirlərinin köməyi ilə Abşeron və Cənub-şərqi Şirvanın neftlə çirklənmiş, Daşkəsənin dağ-mədən sənayesi ilə pozulmuş torpaqları yenidən bərpa etmək zəruridir. Təkrar şoranlaşma, torpaq eroziyasının sürətli inkişafı və iqlimin qurşaqlaşması Azərbaycanda səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Azərbaycanın dağlıq sahələrində son illər eroziyanın qarşısını almaq üçün yarğan və qobular bərkidilir, ağac və kollar əkilir, yamaclarda terraslar salınır. Torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, həmçinin aqrar sahənin inkişafı ilə bağlı torpaqların təyinatının dəyişdirilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Qeyd edilməlidir ki, boş və istifadəsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılır, bu sahədə yüksək nailiyyətlərin əldə edilməsi ilə bağlı işlər görülür. Belə ki, 50 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılıb. Belə ki, 152 min hektar torpağın təyinatı kənd təsərrüfatı məqsədilə dəyişdirilib. Həmin ərazi 28 aqropark və 13 iri təsərrüfatın yaradılmasına imkan verib. Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından mühüm tədbirlərdəndir. 2017-ci il ərzində, ümumilikdə, 101 min hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi də bu sahədə aparılan genişmiqyaslı işlərin nəticəsidir. Təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı artırılır. Bu isə ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir.