AQRO

24 Aprel

Bölgələrə yağan qar təsərrüfata xeyir verəcək, yoxsa ziyan?

Qax rayonunun ucqar dağ kəndləri olan İlisu və Sarıbaş kəndlərinə qar yağıb. 

Kənd sakinləri uzun illər əvvəl İlisu kəndinə hətta may ayında belə qar yağdığını bildirirlər. Bu fəsildə yağan qar gözəl mənzərə də yaradıb. Ruzi-bərəkət rəmzi olan qar bir çox xəstəliklərin qarşısını alır, təsərrüfatlarda olan ziyanvericiləri məhv edir. Ona görə də qar insanların sevincinə səbəb olur.

Ancaq yeni çiçək açan meyvə ağacları üçün isə bu, xoş sürpriz deyil. Çünki ağacların çiçəkləri qar yağandan sonra temperaturun aşağı düşməsi nəticəsində dona bilər və bu da meyvəçiliyə ziyan vurar.

Qubanın da dağlıq ərazilərinə qar yağıb. Ötən gündən rayonda hava şəraiti dəyişib. Rayonun Xaltan, Qrız, Xınalıq, Aydınkənd kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən digər yaşayış məntəqələrinə qar yağıb. Dağ kəndlərində şaxta qeydə alınıb. Quba ərazi hidrometrologiya müəssisəsindən verilən  məlumata görə, havanın temperaturu əvvəlki günlə müqayisədə 5-10 dərəcə aşağı düşüb.

Xınalığa 5, Qrıza 5, Xaltana 1 sm  qar yağıb. Bu kəndlərdə havanın temperaturu da fərqli olub. Xınalıqda -3 dərəcə şaxta qeydə alınıb. Ən aşağı temperatur isə rayonun Qrız kəndində qeydə alınıb. Burada temperatur mənfi 4 dərəcəyədək enib.