AQRO

22 Aprel

Göygöl rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir

Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işlərini planlı şəkildə davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, 2020-ci ilin epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq yanvar ayının əvvəlindən bütün ölkədə olduğu kimi, Göygöl rayonunda da heyvanlar və quşlar arasında profilaktiki peyvəndlərin aparılmasına başlanılıb. Tədbirlər Göygöl Rayon Baytarlıq İdarəsinin baytar mütəxəssisləri tərəfindən həyata keçirilir.

İlin əvvəlindən indiyə kimi Göygöl rayonun ayrı-ayrı təsərrüfatlarında 21019 baş iribuynuzlu, 88176 baş xırdabuynuzlu və 1604 baş təkdırnaqlı heyvanda qarayara, 4865 baş iribuynuzlu heyvanda leptospiroz, 11940 baş iribuynuzlu heyvanda dabaq, 7928 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 3468 baş itdə quduzluq, 421880 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 275921 baş ev quşlarında nyukasl (“H” ştammı ilə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Hazırda rayon ərazisində iribuynuzlu heyvanlarda nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara və ev quşlarında nyukasıl xəstəliyi əleyhinə «La-sota» vaksini ilə peyvəndləmə tədbirlərinin aparılması davam etdirilir.

Peyvəndləmə ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri, dezinfeksiya və dezinseksiya işləri, heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi həyata keçirilir. Cari ilin müvafiq dövrü ərzində Göygöl rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 62752 kvadratmetr ərazidə dezinfeksiya, 13850 kvadratmetr ərazidə isə dezinseksiya işləri görülüb.

Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Qeyd edək ki, ölkədə peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “soyuq zəncir” prinsipinə baytar mütəxəssisləri tərəfindən ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılıdır. Saxlanma şəraitinə görə bioloji preparatlara (vaksinlər, zərdablar və s.) həssas yanaşılır. Vaksinlər +2 - +8° C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanılır. Hətta qısa müddətli yüksək temperatur vaksinlərin təsirini azalda bilər.

Məlumat üçün bildiririk ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Tədbirlər heyvan saxlanan tövlələrdə və ya çardaqlarda (talvarlarda) aparılır. Tədbir aparan mütəxəssislər insanların yaşadığı əraziyə daxil olmurlar. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edirlər. Həmçinin peyvəndləmədən sonra dezinfeksiya işləri aparılır. Görülən işlərlə yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.

Bununla yanaşı, təsərrüfat sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının mümkün qədər qapalı (tövlə) şəraitdə aparılması və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi tövsiyə olunur.

Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərinin nəzərinə çatdırır ki, təsərrüfatlarda saxlanılan heyvanlarda hər hansı narahatçılıq müşahidə olunarsa, rayon (şəhər) baytarlıq idarələrinə vaxtında müraciət etsinlər. Həmçinin təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunsun.

Hazırda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına və epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı tədbirlər davam etdirilir.