AQRO

21 Aprel

Koronavirusa görə kənd təsərrüfatı layihəsinin müddəti uzadılır

Dünya Bankı (DB) Azərbaycanda kənd təsərrüfatında rəqabətcilliyin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi layihənin (Agricultural Competitiveness İmprovement Project) icra müddətini yeni koronavirus pandemiyası ilə bağlı uzatmağı nəzərdə tutur.

Fins.az-ın məlumatına görə, “Report”a DB-nin Bakı nümayəndəliyindən bildiriblər ki, bu addım layihəni restrukturlaşdırmaqla bağlı hazırlanan plan çərçivəsində atılacaq.

Xatırladaq ki, DB Direktorlar Şurası tərəfindən 2013-cü ilin sentyabr ayında təsdiqlənən həmin layihənin başa çatdırılması cari ilin iyun ayının sonuna təyin edilmişdi. Layihənin icrasına dair hesabatda göstərildiyinə görə layihə çərçivəsindəki bəzi tədbirlər gecikdiyinə görə vaxtında başa çatdırılmaya bilər: “Mövcud COVID-19 böhranı da bütövlükdə layihənin icrasını ləngidir. Odur ki, görülən və qalan işləri başa çatdırmaq üçün müddət uzadılmalıdır”.

Qeyd edək ki, sözügedən layihə sanitar və fotosanitar xidmətlərini təkmilləşdirmək, maliyyə dəstək tədbirləri kimi addımlar vasitəsilə kənd məhsulları istehsalçılarının bazara çıxmaq imkanlarını artırmağı nəzərdə tutaraq həmçinin ərzaq təhlükəsizliyi və keyfiyyəti sahəsində hüquqi bazanın da təkmilləşdirilməsinə töhfə olacaq. Hesabata görə layihə çərçivəsində 20 alt layihə təsdiqlənib, onlardan 15-i icra mərhələsindədir və “məhsuldarlıq və satış baxımdan gözəl nəticələr verir”.

Layihəyə əsasən, istehsalat – satış zəncirinin iştirakçıları kreditlər və qrantlar vasitəsilə dəstəklənir. Hesabata əsasən, hazırda kənd sahibkarlarına 92 sərmayə alt layihə üçün kredit xətləri ayrılıb. O cümlədən heyvan xəstəliklərilə mübarizə və baytarlıq avadanlığının yenilənməsi proqramı həyata keçirilir, bitki növlərinin tədqiqatı və inkişafı, habelə toxum istehsalı və emalı proqramlarının icrası nəticəsində artıq müsbət nəticələr əldə olunduğu göstərilir. Azərbaycan Dövlət Aqrar Universitetində bitki mühafizəsilə bağlı yeni ixtisas tətbiq olunub.

Xatırladaq ki, layihənin ümumi dəyəri 53,25 milyon ABŞ dollarıdır ki, bunun 34,5 milyonu DB tərəfindən ayrılıb. Layihə üçün vəsaitlər Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə yönəldilir. İndiyədək kreditin 84 faizi xəclənib.