AQRO

20 Aprel

Saatlıda ötən üç ayda süni mayalanma yolu ilə 1140 baş buzov alınıb

Saatlıda heyvandarlq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət-süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 5 min 696 baş inək və düyədən cari ilin 3 ayı ərzində 1140 baş buzov alınıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 165 baş çoxdur. Doğulan buzovlara görə maldarlara 14 min manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda Saatlının heyvandarlıq təsərrüfatlarında 67 min 691 baş iribuynuzlu mal-qara saxlanılır. Onların da 32 min 307 başı ana inək və düyələrdi.