AQRO

20 Aprel

Ziyanverici həşəratlara qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir

Aqrar Xidmətlər Agentliyinin müvafiq rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərin küpələrinin yaz nəzarət müşahidələri və mübarizə tədbirlərinə hazırlıq işləri davam etdirilir. Hazırlıq işləri zamanı xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, çəyirtkəkimilərin ən çox müşahidə edildiyi ərazilərdə (Küdrü düzü, Ceyrançöl, Padarçöl) mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitə və avadanlıqlar sazlanaraq hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən Biləsuvar, Sabirabad, Saatlı, Salyan və İmişli rayonlarının inzibati ərazilərinə daxil olan Küdrü düzü ərazisində xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə mübarizəyə cəlb olunan texnikalara baxış keçirilib.

Çəyirtkəkimilərlə sirayətlənmiş ərazilərdə mübarizə işlərinin səmərəli və mütəşəkkil təşkili üçün Aqrar Xidmətlər Agentliyinin balansında olan mobil ultra kiçikhəcmli çiləyici aqreqatlarla təchiz olunmuş 8 ədəd “Mitsibişi-L200” markalı avtomaşın, iri tutumlu yerüstü çiləyicilər qoşulmuş 6 ədəd “MTZ-892” markalı traktor, su avtomaşını və yanacaq çəni sirayətlənmiş ərazilərə yaxın olunan “Saatlı aqroparkı”nın lazımi infrastruktura malik ərazisində dislokasiya olunub. Kimyəvi mübarizə işlərində istifadə olunacaq preparatlar və digər vasitələr təhlükəsizlik qayda və tələbləri gözlənilməklə aqroparkın anbarına yerləşdirilib. Qeyd olunan ərazidə çəyirtkələrin mövcud bioloji inkişaf səviyyəsi nəzərə alınmaqla, aprel ayının üçüncü ongünlüyündən etibarən mübarizə tədbirlərinə başlanılması nəzərdə tutulur.