AQRO

17 Aprel

Sabirabadlı “ağ qızıl” ustaları bu mövsüm 9 min hektardan çox sahədə pambıq becərəcəklər

Bir neçə gündür Sabirabadda çiyid səpininə başlanılıb. Ötən il 25 min 210 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər cari ildə 9 min 389 hektar sahədə pambıq becərməyi planlaşdırıblar. Bu qədər sahədə bol məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilə bağlanılmış 2517 məhsul istehsalçısı lazımi texnika, toxum və dərman preparatları ilə təmin olunub və digər lazımi köməkliklər göstərilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 2 min 36 hektardan çox sahəyə çiyid səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə, ümumilikdə, 180-200 hektar sahəyə çiyid səpilir.

Məhsul istehsalçıları səpini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə ediblər.