AQRO

17 Aprel

Cari ildə İmişlidə 6 min hektardan çox sahədə pambıq becəriləcək

İmişlidə çiyid səpininə başlanılıb. Ötən il 20 min tona yaxın pambıq istehsal edən imişlili fermerlər cari ildə 6 min 890 hektar sahəyə çiyid səpməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün 903 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlara lazımi kömək göstərilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, cari təsərrüfat ilində rayonda 6 min 890 hektardan çox sahədə səpin aparılması nəzərdə tutulub. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, əkin sahələri şumlanıb, arata qoyulub və malalanaraq səpinə hazırlanıb. Texnika sarıdan da heç bir çətinlik yoxdur. Sahələrə kifayət qədər maşın-mexanizm və səpin aqreqatı çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunur. Artıq 228.4 hektar sahədə çiyid səpini aparılıb. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.