AQRO

15 Aprel

Sabirabadda qarpız əkininə başlanılıb

Sabirabadda qarpız əkininə başlanılıb. Fermerlər daha erkən məhsul toplamaq üçün sərmə üsul əkin növündən istifadə edirlər.

Fins.az xəbər verir ki, belə fermerlərdən biri də rayonun Zəngənə kəndində bostan əkən şamaxılı fermer Əliyar Nəcəfovdur. Qeyd edək ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Əslən Şamaxıdan olan Əliyar Nəcəfov da bu qaydalara uyğun olaraq icazə alıb və təsərrüfatı ilə məşğuldur.

Fermer deyir ki, qarpız əkini üçün əvvəlcə toxumlar şitil halına gətirilir və qoşa sərmə üsulu ilə polietilen örtükdən istifadə etməklə əkin aparılır. Bu növ əkin martın əvvəlində yerinə yetirildiyi üçün artıq yekunlaşıb. Hazırda isə sahədə tək sərmə üsulu ilə örtüklə qarpız əkilir. Bunun qoşa sərmədən fərqi isə ondadır ki, toxumlar torpağa basdırılaraq üzəri tək sərmədən ibarət polietilen örtüklə bağlanır. Bununla da torpaqda olan rütubəti və istiliyi örtük altında saxlamaqla qarpız tağlarının daha tez yetişməsi təmin olunur.

Əliyar Nəcəfov bu il 4 hektar sahədə qarpız əkməyi planlaşdırır. Sahədə aparılan işlərdə isə onun köməkçiləri ailə üzvləridir. Ötən il bostan bitkisindən yüksək məhsul əldə edən fermer bu il qarpız sahəsini genişləndirdiyini bildirir.

Eyni üsulla 3,5 hektar sahədə qarpız əkən digər fermer isə Fərman Nəcəfovdur. O da əslən Şamaxıdandır və bostan əkini ilə məşğuldur. Artıq 23 ildir ki, bostan məhsulları yetişdirən fermerin sözlərinə görə, qoşa sərmə tək sərmədən qabaq əkildiyi üçün, bu, gələcəkdə arıdıcıl olaraq məhsul toplamağa imkan verir. Belə ki, martın əvvəlində qoşa sərmə üsulu ilə əkilən qarpız iyunda, apreldə tək sərmə üsulu ilə əkilən məhsul ilə iyulda toplanılır.

Fermer may ayında isə açıq sahədə bostan bitkisi əkməyi planlaşdırır.

Əkin zamanı yerli iqlimə uyğun olan “kanyon”, “atabala”, “talisman” növündən olan qarpız toxumlarından istifadə edilir.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.

Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və ya Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış əldə etməlidir.