AQRO

15 Aprel

Bu il Saatlıda 13 min hektardan çox sahədə pambıq əkiləcək

Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpininə başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu il Saatlıda 13 min 785.4 hektar sahədə pambıq əkini nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında keçirirlər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi 2950 məhsul istehsalçısı ilə müqavilə bağlayıb, 13 min 785.4 hektar sahədə qış şumu aparılaraq arata qoyulub, suvarma kanalları vaxtında lildən təmizlənib, çiyid səpiləcək sahələr malalanıb. Artıq bir neçə gündür ki, rayonda kütləvi çiyid səpininə başlanılıb.

Çiyin səpini kampaniyasını vaxtında başa çatdırmaq üçün torpaq mülkiyyətçiləri lazımi maşın–mexanizm və ən məhsuldar toxum sortları ilə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində qısa vaxtda 3 min 422.8 hektar sahəyə toxum səpilib. Fermerlər səpini vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

Qeyd edək ki, ötən il Saatlıda 13 min 741 hektar pambıq sahəsindən 41 min 813 ton məhsul yığılıb. Pambıqçılar cari ildə məhsul istehsalını 43-45 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.