AQRO

15 Aprel

Yardımlıda arı ailələrinin sayı artıb

Yardımlı rayonunun iqtisadiyyatında əkinçilik və heyvandarlıqla yanaşı, arıçılıq da prioritet sahələrdən hesab olunur. Bu il yanvarın 1-nə rayonda 6267 arı ailəsi qeydə alınıb. Bunun 265-i kənd təsərrüfatı təyinatlı müəssisələrin, 6002 arı ailəsi isə ailə kəndli təsərrüfatlarının mülkiyyətindədir.

Bu barədə Fins.az-a Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda, ümumilikdə, 322 arı ailəsi artıb. Bu artım əsasən rayonun ailə kəndli təsərrüfatlarında qeydə alınıb.

Əldə olunmuş məlumatlara əsasən, bir arı ailəsinin orta satış qiyməti rayon üzrə 150 manat, hər arı ailəsindən orta məhsuldarlıq isə 10 kiloqramdır.

”Arıçılıq haqqında” Qanun qəbul edildiyi dövrdən indiyədək nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində arı ailələrinin sayı son beş ildə 23,3 faiz artıb.

Ölkəmizdə məhsul istehsalçılarına subsidiyaların verilməsi, keyfiyyətli bal, eləcə də arıçılıq məhsullarının satış yarmarkalarının təşkil edilməsi bu sahənin inkişafına güclü stimul verir.

Ötən il hər arı ailəsinə görə 10 manat olmaqla, 352 ailə kəndli təsərrüfatına 53 min 270 manat subsidiya verilib.

Bu ilin əvvəlindən rayonda arıçılıqla məşğul olan mülkiyyətçilərin informasiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsi start verilib.