Respublika üzrə illik yağıntı və qarın miqdarının normadan kəskin aşağı olması səbəbindən əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Bununla bağlı su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlərin görülməsi planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov məlumat verib. Nazir bildirib ki, fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir.
İnam Kərimov bildirib ki, taxıl biçininə hazırlıq işləri də davam etdirilir: “Hazırda respublikada 1700-dən çox taxılbiçən kombayn var. “Aqrolizinq” ASC-nin rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, Sizin tapşırığınızla əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadır. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur”. Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Nazir qeyd edib ki, subsidiyaların ödənilməsi yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib. Kənd Təsərrüfatı naziri deyib: “Möhtərəm cənab Prezident, qeyd edilənlərlə yanaşı, hazırda fermerlərimizin üzləşdiyi bir sıra çətinlikləri də diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri iqlim dəyişiklikləri ilə bağlıdır. Payızlıq əkinləri vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib. Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır. Hazırda Nazirlər Kabinetinin koordinasiyası ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlanılıb. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır”. Fermerlərin qarşılaşdığı digər çətinliklərdən biri də əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxışın məhdud olmasıdır. Çünki banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. “Ancaq Sizin bir neçə gün əvvəl imzaladığınız Fərmana əsasən, fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb.
Bu Fərmanın icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini ifadə etmək istərdim. Bu dəstəyə və fermerlərin maddi rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı qayğıya görə kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri bu il də layiqincə yerinə yetirmək üçün bütün səy və imkanlarımızı səfərbər edəcəyik,” - deyə İnam Kərimov bildirib.