"Tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün Sizin verdiyiniz tapşırıqlara uyğun olaraq zəruri tədbirlər görülür. Hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və yazlıq səpinlərin ən intensiv dövrünə təsadüf edir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş təlimata əsasən, kənd təsərrüfatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə iş qurulub".
Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.
Nazir bildirib ki, bölgələrdə hazırda mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan həyata keçirilir. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb.
"Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir. Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Digər yazlıq əkinlər - tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir", - deyə nazir İnam Kərimov əlavə edib.