AQRO

15 Aprel

Nazir: "21 rayon üzrə 100 min hektar sahədə pambıq əkiləcək"

"Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb".

Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə deyib.

"Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir.

Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb.

Digər yazlıq əkinlər - tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir" - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub: "O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir".