AQRO

14 Aprel

Prezident: "Karantin rejimi kənd təsərrüfatı sahəsində problem yaratmamalıdır"

Karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır. Ona görə müvafiq göstərişlər verilmişdir. Çünki bildiyiniz kimi, bəzi insanlar mövsümi işlərlə bağlı bir rayondan başqa rayona getməli olurlar. Ona görə indi ki, şəhərlərarası nəqliyyat dayandırıldı, bu məsələ ayrıca müzakirə edilməlidir və bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində karantin rejimi bizə problem yaratmasın və insanların gediş-gəlişi təmin edilsin. Operativ Qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Əminəm ki, bu göstəriş yerinə yetiriləcək.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə söyləyib.

Birinci rübdə kənd təsərrüfatında 3,7 faiz artım qeydə alındığını vurğulayan dövlət başçısı deyib:

“Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu, göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir. Heyvandarlığa gəldikdə, burada inkişafa nail olmaq üçün daha çox vaxt lazımdır. Burada da artım 3 faizdən bir qədər çoxdur”.