Son illər Hacıqabulda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Məhsul istehsalçıları bu sahədə əldə etdikləri qazanc hesabına rayonda istixanaların şəbəkəsini ilbəil genişləndirirlər.
Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda Hacıqabulda 5,7 hektar ərazidə 9 istixana kompleksi mövcuddur. Hər il bu istixanalarda yüz tonlarla tərəvəz yetişdirilərək xarici və daxili bazarlara göndərilir. Ötən illərdə olduğu kimi, cari təsərrüfat ilində də istixanalarda tərəvəz boldur. Xeyli vaxtdır ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrindəki istixanalarda tərəvəz yığımına başlanılıb və indiyədək 216.4 ton xiyar-pomidor yığılaraq daxili bazarlara göndərilib. Toplanan məhsulun 22.8 tonunu xiyar, 193.6 tonunu isə pomidor təşkil edib. Məhsulun qiyməti də təsərrüfat sahiblərinin ürəyincədir. Tədarük olunan tərəvəzin demək olar ki, yarıdan çoxu rayonun Atbulaq və Meyniman kəndlərindəki istixanalarından toplanılıb.
Hələ istixanalarda məhsul çoxdur. Təxmini hesablamalara görə, tərəvəz bu il ötən ildəkindən 2 dəfə çox olacaq.