AQRO

14 Aprel

Azərbaycanda İspaniyadan gətirilən xurma sortundan ibarət yeni bağ salıb

Tərtər rayonunun iqlimi və münbit torpaqları bağçılığın inkişafı üçün əlverişlidir. Odur ki, son illərdə aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Rayon ərazisində yeni intensiv meyvə bağları salınır, mövcud bağların sahəsi genişləndirilir.

Rayondakı bağçılıq təsərrüfatlarından biri də 2010-cu ildən “Azaqrokənd” MMC tərəfindən yaradılıb. Fermer Nofəl Nəsirov Fins.az-a bildirib ki, 30 hektar bağçılıq təsərrüfatının 20 hektarı xurma, qalanı isə alma, armud, alça, gavalı və digər meyvə ağaclarından ibarətdir. Xurma bağının 8 hektarı barverəndir. Xurma ağacının məhsuldarlığı və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı daha da artırıb. Xurma ağacının hər birindən orta hesabla 200 kiloqram, hektardan isə 15 ton məhsul yığılır. Məhsullar soyutma anbarlarında saxlanılır və qış aylarında, əsasən, Rusiyaya ixrac olunur.

Fermer bildirib ki, bu il 11 hektar sahədə İspaniyadan gətirilmiş yeni sort xurma tingləri əkilib. Yeni sort xurma yerli şişburun və karalyok sortlarına nisbətən daha məhsuldardır. Həmçinin tez xarab olmur, meyvəsi isə iridir. Bağda tinglərin əkilməsində də yenilik edilib. Belə ki, əvvəlki xurma bağlarında ağacların ara məsafəsi 5-4 metr olurdu. Yeni salınan bağda isə tinglər hər 5 metrdən bir 2 metr ara məsafəsi olmaqla qoşa cərgədə əkilib. Belə əkin üsulu ilə hər hektara əkilən ağacların sayı çox olur və məhsuldarlıq da artır. Əvvəllər bir hektara 450 xurma tingi əkilirdisə, yeni üsulla bir hektara 900 ting əkilib. Yeni xurma bağı 3 ildən sonra məhsuldarlığa düşəcək.

Qeyd edək ki, Tərtər rayonunda 1509,8 hektar meyvə bağları və giləmeyvəliklər var. Onun da 1119 hektarı barverəndir. 2019-cu ildə 84 hektar sahədə yeni meyvə bağları və giləmeyvəliklər salınıb, 1 milyon 678 min 510 ədəd meyvə və 225 min 800 ədəd dekorativ bitki tingi yetişdirilib. Rayon ərazisindəki bağlardan 10 min 530,1 ton meyvə və giləmeyvə, 1051,5 ton üzüm yığılıb.