İki hektara yaxın sahədə yeni şaftalı bağı salmışıq. Ənənəvi formada salınan bağda şaftalının ölkəmizə yeni gətirilən sortlarını da əkmişik. Yeni salınan bağ daha çox aqrotexniki qulluq tələb edir. Ağaclar arasındakı torpaq frezlənərək yumşaldılıb, bağa üzvi gübrə verilib. Hazırda bağlarımızda suvarma aparılır. Bunun üçün traktorla cərgəarası arxlar salırıq. Suyu yaxınlıqdakı süni göldən motorlar vasitəsilə çıxarıb bağa veririk. Bu səbəbdən yanacağa müəyyən qədər vəsait xərclənir. Amma növbəti ildən damcı suvarma üsuluna keçmək istəyirik. Müasir suvarma metodlarından istifadə etsək xərcimiz azalacaq və suya qənaət olunacaq. Bu il yeni bağlarımızdan ilk məhsul toplayacağıq. 2-3 ildən sonra bağlarımız tam məhsula düşəcək.
Bunu Fins.az-a xaçmazlı fermer Elşən Yusifov söyləyib.
Fermer bildirib ki, şaftalıya həm ölkəmizdə, həm də Rusiya bazarlarında böyük tələbat var.
“Azərbaycanda ən dadlı və görünüşü ilə seçilən şaftalı Xaçmaz rayonunda yetişir. Bizim bağın salındığı Çiləgir kəndinin də daxil olduğu Nərəcan inzibati dairəsində min hektara yaxın şaftalı bağı var. Bağlarımızda şaftalının onlarla sortu becərilir. Son illər meyvə bağlarının sahəsi daha da genişlənir. Bir hektar bağda 500-ə yaxın şaftalı ağacı əkmişik. Bağ məhsula düşəndən sonra hər ağacdan minimum 50 manat gəlir əldə olunsa, bu, mövsüm ərzində 25 min manat edir. Yəni, meyvəçilik gəlirli sahədir. Amma bol və keyfiyyətli məhsul əldə etmək üçün ağacların qulluğunda durmaq lazımdır. Nəyisə düzgün etməsən bütün əməyin puç ola bilər. Məsələn, hansısa dərmanın dozası normadan artıq olsa, bütün ağaclar yanaraq məhv ola bilər”-deyə Elşən Yusifov bildirib.
Xaçmaz bağlarında iyul ayından şaftalının “Zalatoy” və “Fədai” kimi tezyetişən sortlarını yığmağa başlayırlar. E.Yusifov bildirib ki, adətən müştəri sarıdan korluq çəkmirlər. “Əsas odur qiymətlər sərfəli olsun, zəhmətimizi və çəkdiyimiz xərci ödəsin. Amma bu il vəziyyət fərqlidir. Dünyanı bürüyən koronavirusla bağlı başqa ölkələrlə sərhədlər bağlıdır. Lakin yükdaşımalar davam edir. Ümidvaram tezliklə bu xəstəlikdən canımız qurtaracaq. Biz də meyvəni həmişəki kimi rahat satıb gəlir əldə edərik. Bağda işləməyə gedərkən ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatlarına əməl edirik. Bütün təlimatlara riayət edərək təsərrüfatımızda işləyirik”, - deyə, təsərrüfatçı bildirib.
Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da 2 min 200 hektarı barverəndir. Hər il rayon bağlarından 10 min tondan çox meyvə toplanır.
Qeyd edək ki, xüsusi karantin rejimində fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir.
Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.