Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını daha da artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 122 min 352 baş iribuynuzlu mal-qara və 232 min 100 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 171 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalının artımına da müsbət təsir göstərir.