AQRO

13 Aprel

Azərbaycanlı xanım fermer bu il 150 hektardan çox sahədə tütün əkməyi planlaşdırır - FOTO

Tütünçülük Balakən rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi üçün rayonda böyük potensial mövcuddur. Dövlətimizin başçısının ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsi olaraq, son illər rayon əhalisi arasında bu gəlirli sahəyə maraq xeyli artıb. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı, subsidiyaların ayrılması, güzəştli şərtlərlə aqrolizinq xidmətlərinin göstərilməsi nəticəsində rayonda tütünçülüklə məşğul olan təsərrüfatların sayı getdikcə artır.

Fins.az xəbər verir ki, belə tütünçülük təsərrüfatlarından biri də rayonun Qazbinə kəndində fəaliyyət göstərir. Xanım fermer Ayparə Dadayevanın rəhbərlik etdiyi bu təsərrüfat qısa müddət ərzində böyük uğurlar qazanıb. Ailəsinin təsərrüfat ənənələrini davam etdirən xanım təsərrüfatçı ilk dəfə 2018-ci ildə 32 hektar sahədə tütün əkib-becərib. Ötən il tütün əkini sahələrini daha da genişləndirərək 96 hektara çatdırıb, 94,6 ton quru tütün istehsal edib.

Xanım fermer, eyni zamanda, baramaçılıqla da məşğul olur. 2018-ci ildə onun rəhbərlik etdiyi təsərrüfatda 268,7 kiloqram, ötən il isə 617,7 kiloqram yaş barama istehsal edilib. 2019-cu ildə bu təsərrüfatda tütünçülük sahəsində 73 nəfər, baramaçılıqda isə 12 nəfər mövsümü işlə təmin olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Ayparə Dadayeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Dövlətin fermerlərə göstərdiyi yüksək diqqət və qayğıdan ruhlanan Ayparə Dadayeva bu il tütün əkini sahələrini daha da genişləndirməyi planlaşdırır. Xanım fermer AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Builki mövsümdə 150 hektardan çox sahədə tütün əkməyi qarşıya məqsəd qoymuşam. Cari təsərrüfat ilində 124,5 hektarda “Virciniya botaniki”, 30 hektarda isə yerli “İmmuniy” növlü tütün əkməyi planlaşdırıram. Tütün şitillərinin yetişdirilməsi üçün ümumi sahəsi 2 min kvadratmetr olan 200 ədəd sadə istixana hazırlamışıq və yaxşı da bitiş alınıb. İki gündür ki, yerli növ tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İndiyədək 1,5 hektara şitil köçürülüb. Aprelin 15-dən etibarən “Virciniya botaniki” növlü tütün şitillərinin də sahələrə köçürülməsinə başlanılacaq. Hazırda şitilxana təsərrüfatında 8 nəfər, əkin sahələrində isə 12 nəfər mövsümü işçi çalışır”.

Xanım fermerin sözlərinə görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar insanların sağlamlığının qorunması məqsədilə hələlik sahələrə məhdud sayda işçi çıxarılır, texnikadan istifadəyə üstünlük verilir.

Qeyd edək ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra hakimiyyəti verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyəti orqanından arayış almalıdır.