Bölgələrdə təsərrüfatların gübrə ilə təmin olunması istiqamətində işlər davam edir.
Fins.az xəbər verir ki, 2020-ci ildən fermerlər gübrəni yeni subsidiya mexanizminə əsasən, 30 faizini nağd ödəmə, 70 faizini isə subsidiya kartındakı nağdsız vəsaitlə ödəmə yolu ilə alırlar. Ötən ilə qədər fermerlər gübrənin qiymətinin 30 faizini nağd şəkildə ödəyir, dövlət isə qalan 70 faiz məbləği gübrə satan şirkətə subsidiya şəklində verirdi. Cari ildən tətbiq olunan yeni mexanizmə əsasən, dövlət gübrə satan şirkətlərə subsidiya ödəmir, şirkətə ödədiyi subsidiya məbləğini fermerin kartına köçürür.
Məsələn, ötən ilədək fermer əkdiyi taxılın hər hektarına görə 90 manat subsidiya alırdısa, indi 200 manat alır. Fermerə ödənilən 110 manat fərq dövlətin ötən ilə qədər gübrə satan şirkətə ödədiyi vəsaitdir.
Gübrənin satış qiyməti dəyişməyib. Ötən il 50 kiloqramlıq kisədə satılan azotun qiyməti 26 manat 67 qəpik olub, bu il də eyni qiymətdir. Fermer ötən il bir kisə azot almaq üçün 8 manat nağd pul ödəyirdi, qalan 18,67 qəpiyi dövlət gübrə satan şirkətə verirdi. Bu il də fermer 8 manat nağd pul ödəyir, 18,67 qəpiyi isə kartdan nağdsız qaydada ödəmə edir. Yəni, ötən il dövlətin şirkətə ödədiyi 18,67 qəpiyi bu il fermer dövlətin ona verdiyi subsidiya hesabına kartdan ödəyir.
Qeyd edək ki, hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 90-dək gübrə satan hüquqi və fiziki şəxs qeydiyyatdan keçib. Fermer gübrəni istədiyi şirkətdən almaqda sərbəstdir.