AQRO

11 Aprel

Karantin dövründə təsərrüfata necə qulluq etmək olar? - FOTO

Bir hektardan çox bağımız var. Bunun 40 sotunda alma becəririk. Alma bağları ilboyu aqrotexniki qulluq tələb edir. Mart-aprel ayından isə daha aktiv qulluq göstərilir. Artıq budama və ağacların dibinin yumşaldılması prosesini yekunlaşdırmışıq. Bu il erkən yazda yağıntının az olmasını nəzərə alaraq, birinci suvarmanı da vaxtından tez həyata keçirmişik. Ağaclar çiçəkləyir. Yaxşı qulluq etsək, bu il də bol məhsul götürəcəyimizə əminəm.

Fins.az-ın məlumatına görə, bu fikirləri Azərtac-a Xaçmaz rayonunun Hacıəlibəy kəndindən olan fermer Əkrəm Arzumanov söyləyib.

Əkrəm Arzumanov bildirib ki, bağda işləməyə gedərkən ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatlarına tam əməl edir. Fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində də qeydiyyatdan keçib.

“Fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfatda işləmələrinin sərbəst olması barədə telefonuma sms-lə məlumat göndərilib. Bütün təlimatlara riayət edərək, təsərrüfatımıza qulluq göstəririk. İlk dərmanlama prosesini həyata keçirmişik. Məhsul yetişənədək zərərverici və xəstəliklərə qarşı ən azı 10 dəfə dərman pereparatlarından istifadə edəcəyik. Alma ağacları ayda bir dəfədən az olmayaraq suvarılacaq. Fermerlərə məsləhət görərdim ki, alma bağlarında ən əsas budaqların bağlanmasına, budanmasına, bundan əlavə, suvarma və gübrənin verilməsinə daha çox diqqət yetirsinlər. Bu aqrotexniki şərtləri yerinə yetirməklə fermerlərimiz yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacararlar. Bizim bağ ənənəvi alma bağlarındandır. Bir hektardan 30-35 tona qədər məhsul ala bilirik”, - deyə Ə.Arzumanov söyləyib.

Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz zonası alma istehsalının 70 faizdən çoxunu təşkil edir.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir.

Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.