Koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə tovuzlu fermer Sahib Qasımov öz həyətindəki kiçik təsərrüfatına qulluq göstərməklə məşğuldur.
Fins.az xəbər verir ki, Tovuzun Alakol kəndində yaşayan fermerin sözlərinə görə, “Evdə darıxdım”, “Nə qədər evdə oturmaq olar” kimi sözlər son günlər karantin rejimini pozanların çoxunun dilə gətirdiyi bəhanələrdir. Lakin hər bir insan elə evdə də özünə səmərəli məşğuliyyət tapa bilər. Təbii ki, kənd sakinləri üçün şəhərdə yaşayanlardan fərqli olaraq, məşğuliyyət üçün həyət-bacada xeyli iş var. Bunu isə gəlirə çevirmək lazımdır.
Təsərrüfat sahibi həyətində limon bağını 30 il əvvəl salıb. Karantin rejimi günlərində demək olar ki, limon bağına qulluq etməklə məşğuldur. O, neçə ildir ki, saldığı bağdan məhsuldarlığına görə cənub bölgəsindəki fermerlərdən heç də az nəticə əldə etmir: “Bu regionda limon ağacı çox yaxşı məhsul verir. Əsasən qış dövründə soyuqdan qorumaq lazımdır. Suvarılmasına, gübrələnməsinə fikir verilməlidir. Xeyli limon satmışıq. Mən öz həyətimdə bu limonları həm ekzotik olduğu, həm də iqtisadi cəhətdən gəlir gətirdiyi üçün salmışam”.
Kənd sakini örtükaltı limon ağaclarını yaz aylarında açıq şəraitdə becərir. Bu il mövsüm başa çatsa da, istədiyi nəticəni əldə edib. Ona görə də bağında örtükaltı təsərrüfatı genişləndirib. Evinin dörd tərəfini limon ağacları ilə bəzəyən fermer iki sort limon becərir. Biri yerli, digəri isə “mayer” sortudur.
Sahib Qasımov ailəsinin tələbatını ödəmək üçün meyvə-tərəvəz də becərir. Tovuzlu fermer deyir ki, evdə qalmaq, heç də işsiz qalmaq demək deyil. Bu baxımdan hər kəs yaranan bu vəziyyəti Sahib Qasımov kimi fürsətə çevirə bilər.