AQRO

08 Aprel

Yonca sahələrində kimyəvi mübarizə tədbirləri aparılır

Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən rayon ərazisindəki yonca əkinlərində monitorinqlər aparılarkən əksər sahələrdə fitonomus zərərvericisinin yayıldığı müşahidə olunub. Zərərvericinin miqdarı iqtisadi ziyanlı həddi keçdiyi üçün kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Fins.az xəbər verir ki, artıq 447 hektar yonca sahəsində kimyəvi mübarizə işi aparılıb. Dərmanlama işləri gündəlik olaraq davam etdirilir.

Ağcabədi Rayon İcta Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri torpaq mülkiyyətçiləri və fermerlərlə mütəmadi görüşlər keçirərək zərərvericinin vurduğu ziyan barədə geniş izahat işləri aparır, ona qarşı kimyəvi mübarizənin aparılmasının zərurət olduğunu onlara çatdırırlar. Maarifləndirici söhbətlər zamanı fermerlərə bildirilir ki, fitonomus zərərvericisinin qidalanması nəticəsində yonca sahələrində yem məhsulu kəmiyyətcə ciddi azalır və onun keyfiyyəti pisləşir. Vegetasiya müddətində yonca sahələri biçildikdə qidalanmaq üçün zərərverici digər sahələrə keçir. Odur ki, qonşu sahələrdə olan pambıq, qarğıdalı və sair əkinlərin mühafizə olunması üçün zərərvericiyə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılması vacibdir.

Zərərvericiyə qarşı əsasən aqrotexniki və kimyəvi mübarizə aparılmalıdır. Aqrotexniki mübarizədə yonca sahələri qış aylarında suvarılmalı, bitkinin vegetasiyası dövründə zərərverici güclü inkişaf etdikdə yonca qısa müddətdə biçilərək sahədən götürülməlidir. Kimyəvi mübarizə məqsədilə İndox Super, Matrix kimi insektisidləri ilə çiləmənin aparılması məqsədə uyğundur.