Xaçmaz rayonunda 850 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayondakı fındıq bağlarının ümumi sahəsi 9 min 703 hektar təşkil edir.
Fins.az xəbər verir ki, ölkəyə valyuta gətirən bu məhsula tələbatın çox olması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındıq bağının az zəhmət tələb etməsi və məhsulun satış qiymətinin münasib olması isə fermerləri həvəsləndirən digər amillərdir.
Rayondakı fındıq bağlarının 4 min 764 hektarı barverəndir. Ötən il təsərrüfatçılar fındıq bağlarından 6 min 627 ton məhsul yığıblar. Orta məhsuldarlıq hər hektara görə 14 sentner təşkil edib.
Təsərrüfatçılar bildirirlər ki, son illər fındıqçılığa maraq xeyli artıb. Torpaq sahibləri əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi daha çox fındıq bağlarına üstünlük verirlər.
Yarım hektara yaxın ərazidə fındıq bağı olan Mübariz Bəşirov deyir ki, ötən il məhsul bol, qiymətlər isə münasib olduğundan təsərrüfatçılar gəlir əldə edə biliblər. Ötənilki məhsul bazarda kiloqramı 5 manatdan baha satılıb. Rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Hazırda fındıq bağlarında suvarmaya hazırlıq və su arxlarının təmizlənməsi işləri görülür.
Xaçmazda fındıq bağlarında məhsul toplanmasına iyul ayında başlanılır və yığım avqustun sonunadək davam edir.