Salyanda yazlıq bitkilərin əkini davam edir. Əkinə vaxtında və mütəşəkkil başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq 3 min 4 hektar sahədə yazlıq bitkilərin əkinini aparıblar.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov Fins.az-a bildirib ki, əkin aparılmış sahələrin 12 hektarını qarğıdalı, 2 min 201 hektarını təzə yonca, 266 hektarını kartof, 281,1 hektarını tərəvəz, 244 hektarını bostan bitkiləri təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 4 min 867 hektar sahədə əkin aparılması üçün şum aparılıb, arata qoyulub və malalanıb.
Hazırda torpaq mülkiyyətçiləri yazlıq bitkilər əkilmiş sahələrdən bol məhsul götürmək üçün becərmə işləri aparırlar. Bitkilər yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunub, alaq otlarından təmizlənilib.