AQRO

08 Aprel

Balakəndə 7 min hektardan çox sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur

Bu il Balakən rayonunun təsərrüfatlarında 7 min hektardan çox sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 160 hektaradək sahəyə qarğıdalı əkiblər. Təsərrüfat sahibləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. Fermerlər toxumu rayonda fəaliyyət göstərən satış məntəqələrindən əldə edirlər.

Bu barədə Fins.az-a Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qeyd edək ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Hazırda Balakən qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.