AQRO

29 Mart

İsmayıllıda son bir ildə 165 hektarda yeni meyvə bağları salınıb

İsmayıllı rayonunda meyvəçilik təsərrüfatın ənənəvi sahəsidir. Təsadüfi deyil ki, bağların sahəsi ildən-ilə artır və təkcə son bir ildə bölgədə bu artım 165 hektara çatıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, İsmayıllının təbii iqlim şəraiti bir çox meyvə, xüsusilə alma, armud, qoz, fındıq, badam ağaclarının yetişdirilməsi və bol məhsul götürülməsi üçün əlverişlidir.

Hazırda bölgədə 3711,6 hektar meyvə və giləmeyvə bağları vardır ki, bundan 287,9 hektarı intensiv giləmeyvə sahələridir. Təkcə son bir ildə Gəraybəyli kəndi ərazisində 28 hektarda, Qubaxəlillidə 7 hektarda badam, Kəlbənd kəndində 30 hektarda alma, Topçu kəndində 100 hektarda qoz, badam və digər ağaclar əkilib.

Qeyd edək ki, bağların sahəsi genişləndikcə məhsul istehsalı da ildən-ilə artır. Təkcə ötən il bar verən 890 hektar meyvə bağından 9194 ton məhsul yığılıb ki, bu da əvvəlki ildəki göstəricidən 86 ton çoxdur.