AQRO

29 Mart

Bu il Balakəndə 2200 hektardan çox sahədə tərəvəz yetişdiriləcək

Cari ildə Balakən rayonunda tərəvəz əkini sahələrinin 2200 hektardan çox olacağı proqnozlaşdırılır. Məhsul istehsalçıları əvvəlki illərdə olduğu kimi, yenə də faraş tərəvəz əkininə, əsasən də faraş xiyar yetişdirilməsinə böyük maraq göstərirlər. Hazırda rayonun əksər kəndlərində istixana şəraitində faraş tərəvəz yetişdirilir. İstehsalçılar aprelin ortalarından başlayaraq bazara ilk məhsullarını çıxaracaqlar.

Bu barədəBalakən Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, tərəvəzçilik Balakən rayonunda kənd əhalisinin əsas gəlir mənbələrindən biri hesab olunur. Ötən il balakənli fermerlər 2280 hektar tərəvəz sahəsindən 29 min 924 ton məhsul əldə ediblər. Tərəvəzin əkin sahəsi əvvəlki illə müqayisədə 223 hektar, istehsal olunan məhsulun həcmi isə 4 min 436 ton artıb.