AQRO

19 Mart

Heyvandarlıqda xalq müalicə üsulları

Fins.az heyvandarlıqda xalq müalicə üsullarını təqdim edir: 

Bozvurma: Qoyunçuluq təsərrüfatında rast gəlinən xəstəliklərdən biridir. Xəstəlik nəticəsində qoyunun gözləri kor olur, oynaqları şişir. Təcrübəli heyvandarlar əvvəlcə bozvurma xəstəliyinə tutulmuş heyvanları sürüdən təcrid edirdilər. Müalicə üçün qoyunu təzə biçilmiş zəmi yerində gəzdirər, oynaqlarındakı şişən yeri taxıl bəndəmi ilə bir neçə dəfə möhkəm sürtərdilər. Bu xəstəliyin müalicəsində qartal və ya quzğunun qurudulmuş beynini duza qatıb qoyuna yedirdikdə müsbət nəticə verdiyini söyləyirlər. Həmçinin, bu məqsədlə ayı sümüyü və beynindən də istifadə edirdilər. Qurudulmuş beyini ovub, sümüyü isə dəmir alətlə əzib, sonra isə kirkirədə üyüdəndən sonra duza qataraq qoyuna yedizdirərdilər.

Gülbaş: İnək və qoyunlarda, keçilərdə bəzən sağılan süd çəhrayı-qızılgül rəngində olur. Buna gülbaş xəstəliyi deyirlər. Bu cür süd istifadə olunmur. Bəzi inanclara görə, həmin südü sağıb heyvanın başına tökdükdə xəstəlik sağalır.Xəstəlik adətən 2-3 gün davam edir.
Keyingi: Uzun müddət nəm yerdə yatırılan qoyunlarda keyingi xəstəliyi – yəni, ayaqların tutulması baş verir. Heyvandarlar bunu sadə üsulla, sürünü quru yerdə yatırmaqla müalicə edirdilər.

Ağcavazolma: Qırxımdan sonra qoyunu çovğun və dolu vurduqda və ya qarın üstündə yatdıqda quyruğu şişir və buna el arasında ağcavazolma deyirlər. Ağcavaz olmuş qoyunu köhnə arxacda yatırıb, isti yerdə saxlamaqla müalicə edirdilər.

Köpmə: Ən çox yaz aylarında otlaqlarda və yonca sahələrində baş verir. Buna bəzi yerlərdə “qarabağırsaqolma” da deyirlər. Köpmə yalnız gövşəyən heyvanlarda baş verir. Bu zaman köpən heyvana qatıq və ya süd içirirlər. Torpağın üst humus qatını qaşıyıb altdan çıxan torpağı köpən heyvanın ağzına atırlar. İribuynuzlu heyvanlarda köpmə zamanı sol tərəfdən arxadan II qabırğa ilə III qabırğanın arasını adi iynə ilə deşib köpünü yatırırlar.

Qotur: Qotur və oxşar xəstəliklərə tutulmuş heyvanları müalicə etməkdən ötrü tənbəki və asırqal bitkisinin kökünü qaynadıb suyu ilə heyvanları çimizdirirdilər. Qotur heyvanı həm də küldən məhlul hazırlayıb yumaqla da müalicə etmək olurdu. Naxçıvan ərazisində heyvanlarda qotur xəstəliyini müalicə etmək üçün kükürdlü sulardan istifadə edilirdi. Çox vaxt Şahbuz rayonunun Gömür kəndindəki yataqdan kükürdlü daş gətirib bir müddət suda saxlayır, sonra heyvanları çimizdirirlər. Qapalı tövlələrdə Gömürdən gətirilən kükürdü yandıraraq xəstəlik törədən zərərvericilərə qarşı tədbir görərdilər.

Dəmirov: Heyvandarlıqdakı xəstəliklərdən biri də dəmirovdur. Toplanan etnoqrafik məlumatlardan aydın olur ki, xəstəlik yazda daha geniş yayılır. Dəmirovu müalicə etmək üçün hər hansı bir ağacın kökünü çərtir və oradan süzülən suyu yığıb və ya üzüm tənəkləri kəsilən zaman daman suyu toplayıb yara yerə sürtülür. Naftalan yağı, müasir dövrdə işlənmiş mühərrik yağı, adi yağla qarışdırılmış duz da bu xəstəliyə qarşı xalq müalicə vasitələridir.

Ütməcə: Qoyunçuluqda yayılmış xəstəliklərdən biri də ütməcə adlanır. Ütməcə xəstəliyinə tutulmuş qoyunun üzü, başı şişir. Müalicə məqsədilə qoyunun başını, üzünü odla ütürdülər. Nəticədə şiş çəkilir və qoyun sağalardı.

Ciyər kəpənəyi: Adətən, bataqlıqda, durğun su sahillərində otarılan heyvanların qara ciyərində kəpənək əmələ gəlir. Kəpənəklər, əsasən, öd kanallarında qidalanır. Xəstəlik zamanı, xüsusən, yaz aylarında qoyunun çənəsinin altı şişir. Belə heyvanlar uzun müddət yaşamırlar. Ona görə də alış-satış zamanı dağ kəndlərinin qoyunlarına üstünlük verilir. Bu xəstəliyin müalicəsi xalq üsulu ilə mümkün deyil. Heyvanları yovşanlıqda otarmaq xəstəliyin qarşısını nisbətən alır.
İlançalma: Culfa rayonunun Boyəhməd kəndindən topladığımız çöl məlumatına görə, ilan vuran yeri yaş yemişan tikanları  bir neçə yerdən batırıb deşir, üstünə süd, olmadıqda isə adi su töküb sığallayırlar. Vaxtında tədbir görüldükdə heyvan sağalır.

Simləmə: Döl zamanı və ya soyuq aylarda yaralanmış heyvanın yarası “simləyir” (iltihablaşır). Simləməni müalicə etmək üçün yovşan və yulğun yarpağından istifadə edilirdi. Yovşanı heyvanın yarasına qoyub sarıyırlar. Sarıq gündə bir dəfə dəyişdirilməklə müalicə təxminən bir həftə davam edirdi. Heyvanın yarası qaynadılan yulğun yarpağının buğuna verilirdi. Yulğun suyundan hazırlanan məlhəm isə yaranın üstünə qoyulub sarınırdı. Simləmiş yaraların müalicəsi zamanı bağayarpağından, bişirilmiş baş soğandan da geniş istifadə olunurdu.

Dilbaş: Bu xəstəliyə əsasən, iribuynuzlu heyvanlarda rast gəlmək olur.Belə ki, soyuqdəymə nəticəsində mal-qara dilbaş olur, yəni heyvanın dilinin altında qara damar şişib yoğunlayır. Müalicə üçün həmin damarı iri iynə vasistəsilə bir neçə yerdən deşib duzla dilin alt hissəsini ovurlar.