AQRO

17 Mart

Naxçıvanda yaz-tarla işlərinə hazırlıq davam etdirilir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətini illik iş planının və Dövlət proqramlarının icrası istiqamətində davam etdirir, bu sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Nazirlikdən Fins.az-a bildirilib ki, nazirliyin mütəxəssisləri tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının iştirakı ilə payızlıq taxıl sahələrinə mineral gübrələrin iki mərhələdə verilməsinin əhəmiyyəti, kartof sahələrinin əkinə hazırlanması, keyfiyyətli toxum materiallarından istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, toxumun dərmanlanması, əkindən qabaq torpaq analizinin aparılması mövzularında seminar-müşavirələr keçirilib. Taxıl, meyvə və üzüm bağlarında zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması qaydaları, yaz-tarla işlərinə hazırlıq və aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasının məhsuldarlığa təsiri barəsində maarifləndirici tədbirlər davam etdirilib. Kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsi və çəkilən xərcin azaldılması üçün kənd təsərrüfatı texnikaları və aqreqatlarının gücündən səmərəli istifadə edilməsi tövsiyə olunub.

Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya ixtisasının tələbələrinə praktik dərslər keçilib. Birliyin Aqrokimya torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonunun Böyükdüz, Xıncab və Təzəkənd kəndlərinin 44 min 53,8 hektar kənd təsərrüfatına yararlı sahələrindən 332 torpaq nümunələri götürülüb, tərkibindəki qida maddələrinin miqdarını müəyyənləşdirmək üçün kimyəvi analizlər aparılıb, analizlərin nəticələrinə uyğun olaraq qida maddələri ilə təmin olunma kartoqramları Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun əməkdaşları tərəfindən hazırlanaraq müvafiq kənd icra nümayəndəliklərinə verilib.

Heyvandarlıqda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalandırma tədbirlərinin davam etdirilməsi və heyvanların zoobaytar qaydalara uyğun yemləndirilməsi istiqamətində maarifləndirmə işləri davam etdirilib, arıçıların yaz aylarında aparacaqları tədbirlər onların diqqətinə çatdırılıb.