AQRO

13 Mart

İmişlidə 9 min hektar taxıl sahəsinə yemləmə gübrəsi verilib

İmişlidə taxılçılıq əsas təsərrüfat sahəsidir. Dövlətin sahibkarlara göstərdiyi hərtərəfli dəstək, yanacaq və sürtkü yağlarına görə edilən güzəştlər, son məhsula verilən subsidiyalar rayonda taxıl istehsalının ilbəil artmasına səbəb olub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il taxıl sahələrinin hər hektarından 36,4 sentner məhsul götürən əkinçilər cari təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Artıq ötən ilin payızında səpin aparılan 17 min 151 hektar sahəyə aqrotexniki qaydada qulluq olunub. Səpin zamanı yüksək repreduksiyalı məhsuldar toxum sortlarından istifadə olunduğundan sahələrdən normal bitiş alınıb.

Hazırda taxılçılar əkin sahələrində becərmə işləri aparır, sahələr suvarılır və bitkiyə yemləmə gübrələri verilir. Artıq sahələrdə birinci suvarma başa çatıb və suvarılan sahələrin 9 min hektarına yemləmə gübrəsi verilib. Bu iş hazırda da davam etdirilir. Taxıl sahələrinin becərilməsi ilə yanaşı, xəstəlik və ziyanvericilərə qarşı da qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, ötən il rayonda 19 min 37 hektar sahədə biçin aparılıb və 70 min 821 ton taxıl tədarük olunub.

©Azertac