AQRO

13 Mart

Nazirliyin mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, ilk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş 200 fermerə "Fermer kartı" verilib.

Martın 13-dən etibarən 6 səyyar xidmət mikroavtobusu müxtəlif bölgələrdə eyni vaxtda xidmətə başlayacaq. Xidməti həyata keçirəcək İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) əməkdaşları və sürücülər xüsusi təlimlərə cəlb olunublar.

Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunacaq və xidmətin təşkili barədə DAİM-lər tərəfindən fermerlərə məlumat veriləcək.

©Azertac