Son illər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb. Bununla da əhalinin ərzaq təhlükəsizliyi problemi demək olar ki, həllini tapıb. Hazırda ölkə vətəndaşlarının ərzaq və qidaya olan tələbatının əksər hissəsi yerli istehsal hesabına ödənilir.
Respublikamızda bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamı ilə 2001-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, 2008-ci il 25 avqust tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilib, həmçinin digər sənədlər qəbul olunub. Bunlardan əlavə və ən əsası isə ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, sözügedən sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək üçün dövlət başçısının 2017-ci il 10 fevral tarixli müvafiq fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aqrar sektorda aparılan islahatların artıq real nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sayəsində 2019-cu təsərrüfat ilində yüksək nəticələr əldə olunub. Ölkə rəhbəri bununla bağlı nitqində deyib: “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq”.
Aqrar sahədə həyata keçirilən islahatlar və görülən tədbirlər barədə danışarkən, qeyd edək ki, lizinq fəaliyyətinin genişləndirilməsi nəticəsində hazırda bazarda artıq azad və rəqabətli şərait formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl şirkətlərə şamil olunub. Ötən il 4117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərə satılıb. O cümlədən, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq prinsipi əsasında qurub və bütün rayonlarda dövlət aqrar inkişaf mərkəzləri artıq formalaşdırılıb. Bu mərkəzlərdə fermerlərə “Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmətin göstərilməsinə başlanılıb.
Bütün bunların nəticəsidir ki, hesabat dövründə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 836,7 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun 4 milyard 85,5 milyon manatı heyvandarlıq, 3 milyard 751,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2018-ci ilin yanvardekabr ayları ilə müqayisədə isə kənd təsərrüfatının istehsalı 7,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,7 faiz artıb.
Əlbəttə, bu göstəricilərin əldə olunması, ilk növbədə, Prezident İlham Əliyevin sözügedən sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bunun bariz ifadəsidir.
Regionların inkişafını özündə ehtiva edən Dövlət proqramlarının vaxtında və yüksək səviyyədə icra olunması da Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, aqrar sahədə mövcud istehsal müəssisələrinin fəaliyyətinin güclənməsinə, yeni istehsal sahələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, kənd təsərrüfatında islahatların sürətlənməsinə yol açıb.
Hazırda ölkənin 33 rayonu üzrə 262 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər aparılır. 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilən 33 aqropark və iri fermer təsərrüfatı isə birinci mərhələ üzrə fəaliyyətə başlayıb. Həmin aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə iqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının rolunu xüsusi qeyd edib, növbəti dövrdə kənd təsərrüfatı məhsullarının emalına böyük diqqət göstərilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalının artması, aqrar sektorda ənənəvi sahələrin sürətlə bərpa olunaraq inkişaf etməsi emal sənayesini də stimullaşdırıb.
Yeri gəlmişkən, respublikada ilk dəfə aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Ötən il Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulmağa başlanıb.
Aqrar sektorda yeni sığorta sisteminin tətbiqi kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcək. Belə ki, bu sahədə istehsal olunan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını genişləndirəcək. Ümumiyyətlə, aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması ekspertlərin fikrincə, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək əsas amillərdən biridir.