AQRO

27 Fevral

Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır - FOTO

Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır

Nazir İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Fins.az xəbər verir ki, Lənkəran rayonunda Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Görüşdə Kənd  Təsərrüfatı naziri İnam Kərimov,  Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və AMAL Akademiyası Qış Məktəbinə qoşulan 23 rayondan 46 gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 faizdən çox artıb”.

Kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artırılmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır : “Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən digər sahələrdə olduğu kimi gənclərin aqrar sahəyə cəlbi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aqrar  Məşğulluğun Artırılması Layihəsinin məqsədi də gənclərin aqrar sahəyə marağını artırmaqdır. Bu layihə gənclərin öz arzusuna çatması üçün bir vasitədir. AMAL Akademiyası Qış Məktəbi aqrar sahəyə ciddi maraq göstərən gənclərin gələcəkdə birgə fəaliyyətinin və şəbəkələşməsinin təmin edilməsi üçün uğurlu başlanğıcdır”.

Tədbirdə çıxış edən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, ölkədə bütün sahələrdə genişmiqyaslı yenidənqurma işləri aparılır. O bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məntiqi davamı kimi aqrar sahədə reallaşdırılan tədbirlər nəticəsində gənclərin aqrar sahəyə marağını artırıb.

AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə  aqrar sahənin inkişafı, gənclərin kənd təsərrüfatının inkişafında rolu barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. 

Səfər çərçivəsində tədbir iştirakçıları Lənkəran rayonunun Bürcəli kəndində AMAL layihəsi çərçivəsində salınmış sitrus meyvə baglarına baxış keçirib, gənc fermerlərlə görüşüblər. Bu meyvə bağı nümunəvi təsərrüfat modeli əsasında salınıb, gənclərin aqrar sahəyə marağının artırılması, AMAL layihəsinin iştirakçılarında peşəkar vərdişlərin formalaşdırılması məqsədi daşıyır. 

Daha sonra “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, aqrobiznes dəyər zəncirlərinin yaradılması Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi sub-komponenti çərçivəsində innovativ fəaliyyətlərindən biridir.

Dəyər zənciri çərçivəsində Lənkəran, Astara və Masallı rayonlarından olan, 155 hektar sahəyə malik 11 fermerin “Faran” MMC emal müəssisəsi ilə əməkdaşlığı və onun vasitəsilə məhsulun bazara çıxışı nəzərdə tutulub. Emal müəssisəsinə alınmış müasir avadanlıq xətti sayəsində emal həcmi 8 dəfə artaraq 1 iş növbəsində 1 tondan 8 tona çatdırılıb. Müasir avadanlıq hesabına təmiz düyünün çıxışı 40%-dən 58%-ə çatıb. Qırıq düyünün çıxışı isə 30%-dən 8%-dək azaldılıb. 

Qeyd olunub ki, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib və son 2 il ərzində çəltikçilik sahəsinə yerli fermerlərin marağı artıb.Çəltik istehsalı ilə məşğul olan fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb. Dəyər zəncirləri layihəsi ölkədə ilk dəfə olaraq müqavilə əsaslı təsərrüfatçılığı həyata keçirir. Bu model emal müəssisəsi ilə müqavilə bağlamış fermerlərin məhsul satışı probleminin tam şəkildə aradan qaldırılmasına əsaslanır.