AQRO

25 Fevral

Azərbaycan xurmaları xarici bazarlarda iki dəfə baha satılıb

“Azərbaycan 2019-cu ildə 104 mln ABŞ dolları dəyərində xurma ixrac edib. Ümid edirəm ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ixrac etdiyi xurmanın dəyəri 20 mln ABŞ dollarını ötəcək”.

Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib.

O deyib ki, hazırda xurma anbarlarda saxlanılır və ixrac martın sonlarına qədər davam edəcək: “Azərbaycanın xurma ixrac etdiyi əsas bazarlar Rusiya, Ukrayna, Qazaxıstan və Səudiyyə Ərəbistandır”.

Assosiasiya sədri vurğulayıb ki, bu mövsümün əvvəlindən başlayaraq yəni-sentyabrın 15-dən noyabrın 15-ə qədər Rusiya və Ukrayna bazarlarına ixrac edilmiş xurmanın bazarda satış dəyəri ucuz olub: “Lakin noyabrdan etibarən xurmanın Rusiya, Ukrayna bazarlarında satış qiyməti iki dəfə artdı”.

Xatırladaq ki, “İxrac İcmalı”nın 2020-ci ilin yanvar buraxılışında qeyd edilib ki, 2019-cu il ərzində qeyri-neft sektoru üzrə ixrac 1,954 milyard ABŞ dolları təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 265 milyon ABŞ dolları və ya 15,7 faiz artıb. 2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon ABŞ dolları) birinci, xurma (20,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (14,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

©Report