AQRO

20 Fevral

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti tur təşkil olunub

Ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan “Şəhərdən Kəndə” çərçivəsində turların təşkili davam edir.

Fins.az xəbər verir ki, ötən həftəsonu Lənkəran rayonunda yerləşən fermer təsərrüfatlarına baş tutan “Lənkəran sitrus bağı və kənd həyatı” turunun iştirakçıları Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) üzvləri olub.

Tur iştirakçıları əvvəlcə rayonun İstisu qəsəbəsində fermer Rəftarə Şükürovaya məxsus “Citrus Valley” təsərrüfatına baş çəkiblər. Turistlər müxtəlif sitrus meyvələrinin (kivi, feyxoa, naringi, limon və s.) yetişdirildiyi təsərrüfatda təbii kənd məhsullarından hazırlanmış yerli mətbəxin təamlarından ibarət səhər yeməyi və nahar süfrəsinə qonaq olublar. Həmçinin qonaqlar üçün Rəftarə Şükürovaya məxsus xüsusi reseptlə hazırlanmış cem və mürəbbələrlə (kivi cemi, kivi mürəbbəsi, feyxoa cemi və s.) zəngin çay süfrəsi təşkil olunub.

Daha sonra isə qonaqlar “Citrus Valley” təsərrüfatı ilə yaxından tanış olub, sitrus meyvələrinin (naringi, feyxoa, limon, kivi və s.) yetişdirilməsi prosesi barədə fermer tərəfindən məlumatlandırılıblar. Turistlər bağda meyvə yığıb, ərazidə yerləşən gölə səyahət ediblər.

Tur çərçivəsində qonaqların baş çəkdikləri növbəti məkan isə aqrar sahibkar Araz Yağubova məxsus “Yaşıl çay” MMC-nin çay plantasiyası olub. Burada onlara çay bitkisinin əkilməsi, becərilməsi və faydaları barədə ətraflı məlumat verilib.

Daha sonra isə turistlər rayonun Sütəmurdov kəndində yerləşən “Gilan Tea” MMC-ə baş çəkiblər. Burada onlar çay emalı prosesi ilə yaxından tanış olub, müxtəlif çayları dequstasiya ediblər.

Turun iştirakçılarından olan Aytən Həsənova doğum gününü turda qeyd etdiyini bildirib: “Bu gün “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkərana gəlmişəm. Burada fermerlərlə görüşdüm, onların əməklərinin nəticəsi ilə yaxından tanış oldum, hətta 35-ci doğum günümü qeyd etdim. Əminəm ki, bu layihə mənim üçün yaddaqalan olacaq. Lənkərandan müsbət təəssüratlarla ayrılıram. Nə yaxşı ki, bu cür bir layihə var və mən ona qoşulmuşam”.

Turda iştirak edən digər bir turist İlahə Seyidova isə peşəsindən kənar bilgilər əldə etdiyi üçün məmnun olduğunu deyib: “Azərbaycan İnsan Resursları Assosiasiyasının bir üzvü olaraq bu layihəyə qoşuldum və çox məmnun qaldım. Həm sitrus bağında, həm çay plantasiyasında, həm də çay fabrikində öz peşəmə aid olmayan aqrar sahə üzrə müxtəlif maraqlı məlumatlar əldə etdim. Belə bir layihə həyata keçirdiklərinə görə təşkilatçılara təşəkkür edirəm”.

Xatırladaq ki, “Şəhərdən Kəndə” sosial layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilir. Layihə çərçivəsində mütəmadi olaraq hər həftəsonu müxtəlif regionlarda yerləşən fermer təsərrüfatlarına turlar təşkil olunur. Növbəti “Şəhərdən Kəndə” kənd həyatı turları fevralın 22-də birgünlük olmaqla Şamaxı-İsmayıllı, ikigünlük olmaqla isə Şəki-Zaqatala rayonlarına təşkil olunacaq.