AQRO

19 Fevral

"Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi üzrə Rəhbər Komitənin ilk iclası keçirilib

"Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi üzrə Rəhbər Komitənin ilk iclası keçirilib Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə 2 illik layihə həyata keçirəcək.

Bununla əlaqədar layihənin Rəhbər Komitəsinin ilk iclası keçirilib. Komitənin iclasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı Vüqar Bəşirov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak, Nar İstehsalçıları və İxracatçıları Asossasiyasının rəhbəri Fərhad Qaraşov, Toxum İstehsalçıları Asossasiyasının rəhbəri Afər Hacıyev və digər şəxslər iştirak ediblər.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf konsepsiyasının əsas strateji prioritetlərinə uyğundur və ekoloji cəhətdən təmiz, effektiv və məhsuldar kənd təsərrüfatı istehsalı sisteminin qurulmasını hədəf seçib.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçiriləcək layihə kənd təsərrüfatı sahəsində mövcud və gələcək problemlərin həllinə dayanıqlı, davamlı formada daha çevik reaksiya verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə strategiyaların inkişaf etdirilməsi və məsləhət xidmətləri sisteminin birgə effektiv tətbiqi çərçivəsində dəstəyin göstərilməsini nəzərdə tutur.

Bununla yanaşı, layihə çərçivəsində təşkil olunacaq təlimlər, forumlar və platformalar məsləhət xidmətləri sahəsində potensialın daha da inkişafına, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalına  dair  “Strateji Yol Xəritəsi” ndə müəyyən edilmiş strateji hədəflərə nail olmağa öz töhfəsini verəcək.

Rəhbər Komitənin iclasında layihə çərçivəsində yaxın illərdə Avropa ölkələrinin modeli əsasında dayanıqlı informasiya məsləhət xidməti sisteminin qurulması, institusional çərçivənin formalaşdırılması, informasiya məsləhət xidməti üzrə proqram  təminatının yaradılması və onun elektron kənd təsərrüfatı sisteminə inteqrasiya edilməsi, pilot bölgələrdə xüsusi məsləhət xidməti layihələrinin hazırlanması və həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya məsləhət xidməti üzrə uzunmüddətli strategiya və fəaliyyət planının  hazırlanması kimi məsələlər müzakirə olunub.