2019-cu ildə Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub. Bu, 2018-ci ilin müvafiq dövrünə nisbətən 232,8 milyon manat çoxdur. Ümumi məhsul buraxılışının 52,81 milyon manatını sənaye, 123,6 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. 54,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.
Fins.az xəbər verir ki, bu barədə Beyləqan rayon Mədəniyyət Mərkəzində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyub, mədəniyyət mərkəzinin foyesində Beyləqanda istehsal edilən məhsulların sərgisinə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin hesabat məruzəsində bildirilib ki, 2019-cu il beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 10/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib, rayon ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Beyləqan şəhərində yerləşən mədəniyyət və istirahət parkında rayon sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.
Aqrar sahədən bəhs edilərkən qeyd olunub ki, ötən il 9706 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə pambıq istehsalı 7523 ton çox olub. Bundan başqa ötən il 12 min 431 hektarda taxıl, 558,7 hektarda şəkər çuğunduru, 385 hektarda kartof, 1293 hektarda tərəvəz, 413,5 hektarda bostan, 60 hektarda paxlalılar, 483 hektarda soya əkilib. Hesabat dövründə heyvandarlığın stabil inkişafı davam edib, iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 258 baş artaraq 59 min 194 başa, xırda buynuzluların sayı 2747 baş artaraq 302 min 759 başa çatıb. 8005 ton ət, 39 min 663 ton süd, 24 min 763 min ədəd yumurta, 596 ton yun istehsal edilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev yığıncaqda çıxış edərək, respublikamızda müxtəlif sahələrdə əldə olunan uğurlardan, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb.
©Azertac