AQRO

14 Fevral

Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərliyi, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın  40 rayonunda barama istehsalı ilə məşğul  olan 200-ə yaxın kümçü iştirak edib.

Müşavirədən əvvəl Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kürdəmir  rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanmış mobil tipli kümxanalara baxış keçiriblər.

Nazir İnam Kərimov bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər. O, mobil tipli kümxanalarla bağlı kümçülərin fikirlərini öyrənib, fermerlərlə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Müşavirəni giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi Kürdəmir rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilib: “Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılıb və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. Ötən il kümçülərimiz 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından kümçülərimiz 204 min manata yaxın gəlir əldə ediblər”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ötən il digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də yüksək nəticələr əldə olunub. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb. Bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, fermerlərə verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməklə yanaşı, məhsul istehsalçılarının aqrar sektora marağını daha da artmasına şərait yaradıb”.

Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı nazirliyin qarşısına mühüm tapşırıqlar qoyulduğunu deyib: “İpəkçilik Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biridir. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tutub. Bizim əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına 2016-2019-cu illər ərzində Çin Xalq Respublikasından 4,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən baramaçılıqla məşğul olan  rayonlara paylanılıb. 2019-cu ilin investisiya proqramına uyğun olaraq, Zərdab Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarında gücü 200 ton olan yaş barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisi  başa çatmaq üzrədir.  Bir sözlə, ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi baramaçılıqda da inkişaf müşahidə edilir. Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir”.

Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. İnam Kərimov bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Daha sonra müşavirədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə “Barama istehsalı və emalı sahəsində hədəflər”,   Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov  “Respublikada barama istehsalı ilə bağlı 2019-ci ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzusunda çıxış ediblər.  Fizuli rayonundan olan kümçü Ağgül Bağırova isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun  inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.