AQRO

13 Fevral

“Şəhərdən Kəndə” layihəsinə qoşulmuş fermerlərin NƏZƏRİNƏ

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə layihəyə qoşulmaq üçün müraciət edən və müxtəlif regionlarda fəaliyyət göstərən fermerlərə maarifləndirmə təlimlərinin keçirilməsinə start verilib.

Maarifləndirmə təlimlərinin təşkilində əsas məqsəd yerli fermerləri aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə tanış etmək, onları təsərrüfatlarında qonaq olan turistlərin qarşılanması, qidalanmanın təşkili, məhsulların qablaşdırılmasının və sərgilənməsinin təşkili, təsərrüfatlarındakı məhsulların satışından gəlir əldə edilməsi yolları, bütövlükdə aqroturizm məlumatlandırmaqdır.

İlk təlim “Şəhərdən Kəndə” layihəsinə Lənkəran və Astaradan qoşulan fermerlər üçün keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin üzvü Sərxan Sərxanov təlimdə iştirak edən fermerlərə layihənin məqsədi, fermerlər üçün üstünlüklərindən danışıb və qurum olaraq layihəyə qoşulmuş fermerlərə davamlı konsultasiya xidmətlərinin göstəriləcəyini deyib.

“Aqroturizm və sahibkarlıq” və “Fərdi fərqindəlik” mövuzlarında baş tutan təlimlər Türkiyədən dəvət edilmiş təlimçilər Soner Şahan və İşıl Şahan tərəfindən keçilir. İşıl Şahan özəl sektorda marketinq kommunikasiyaları və insan resursları üzrə çoxillik təcrübəyə malikdir. O, eyni zamanda turizm sahəsində fəaliyyət göstərən şəxslərə təlimlər keçib, müxtəlif qurumların marketinq strategiyalarının qurulmasında iştirak edib.

Təlimçi, həmçinin Boğaziçi Universitetində korporativ sosial məsuliyyət layihələrinin direktoru kimi çalışıb. Soner Şahan isə hazırda Boğaziçi Universitetində strateji layihələr üzrə məsləhətçi kimi fəaliyyət göstərir. O, müxtəlif sahələrdə həyata keçirilən layihələrin planlanması və idarə edilməsi üzə mütəxəssisdir. Təlimlərdən sonra Türkiyəli mütəxəssislər layihəyə qoşulmuş fermer təsərrüfatlarına səfər edib, yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı və əlavə gəlir mənbəyi, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanı yaratmaq məqsədi ilə həyata keçirilir. Hazırda layihə çərçivəsində əməkdaşlıq edilən turizm şirkətləri ilə birgə mütəmadi olaraq ölkəmizin 7 fərqli istiqaməti üzrə müxtəlif regionlarında yerləşən 11 fermer təsərrüfatına turlar təşkil edilir. Layihə çərçivəsində bu günədək 40-dan artıq aqrotur baş tutub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub, onların 150-ə yaxını əcnəbi turistlər olub.