AQRO

13 Fevral

Ötən il Şəki rayonunun kəndlərində 113 tütünqurutma kamerası quraşdırılıb

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şəki rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar rayonun tütünqurutma kompleksinin genişləndirilməsi məqsədilə 2019-cu ildə Şəki rayonunun kəndlərində əlavə olaraq 113 ədəd tütünqurutma kamerası quraşdırılıb. Beləliklə, rayonda mövcud olan tütünqurutma kameralarının sayı 169-a çatdırılıb.

Bu barədə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qurumdan bildiriblər ki, kameraların 30-u “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin ərazisində quraşdırılıb. Beləliklə, məntəqədə olan kameraların sayı 86-ya çatdırılıb. Ötən il şəkili fermerlər bu emal məntəqəsinə 5485 ton “Virciniya botaniki” növlü yaşıl tütün kütləsi təhvil veriblər. Mövsüm ərzində emal məntəqəsində 980 ton quru tütün istehsal olunub.

Daha 23 tütünqurutma kamerası yerli sahibkar Emin İsayev tərəfindən Aşağı Layısqı kəndində quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Aşağı Göynük kəndinin ərazisində quraşdırılmış 60 ədəd tütünqurutma kamerası isə builki mövsümdən etibarən fermerlərdən yaşıl tütün qəbul edəcək.

Tütünqurutma kameralarının quraşdırılması tütün istehsalçılarının ağır əl əməyini azaltmaqla yanaşı, tütün əkinlərinin genişləndirilməsinə və məhsul istehsalının artmasına da təkan verəcək.

©Azertac