AQRO

07 Fevral

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə rayonda 29 min 667 baş qaramal, 52 min 283 baş qoyun və keçi olub. 2019-cu ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3110,8 ton ət, 22 min 440,9 ton süd, 14 milyon 840 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 0,7 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması 2019-cu ildə də uğurla davam etdirilib. Ötən il 2250 baş inək və düyə süni yolla mayalandırılıb, 1156 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı, əsasən, “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.