Sabirabadda baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 14 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Bəxtiyar Məmiyev bildirib ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 4 ildə ayrı-ayrı yaşayış məntəqələrində 135 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür. Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olub. Ötən il rayonda 500 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 14,2 tondan çox məhsul istehsal olunub. İstehsal edilən baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Bu isə barama qurdu bəsləmək istəyən sakinlərin sayının günbəgün artmasına öz təsirini göstərir. Artıq rayonda ipəkqrudu bəsləmək istəyən 250–dən çox ailə qeydə alınıb.
Qeyd edək ki, apreldən başalayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.