Əlverişli bazar mövqeyi qazandığına görə son illər xurma istehsalına maraq əksər dünya ölkələrində, eyni zamanda, bizim ölkəmizdə də artmaqdadır. Dünyanın bazar konyunkturasına uyğun olaraq Azərbaycanda mövcud olan biznes mühitinə və dövlətin aqrar sahəyə yönəltdiyi dəstək siyasətinə uyğun olaraq meyvəçiliyin bu istiqaməti genişlənir, sənaye əhəmiyyəti formalaşır, əkin və məhsuldarlıq göstəriciləri yüksəlir.
Ekspert Nicat Nəsirli bildirib ki, 2018-ci ildə ölkədə xurma bağlarının əkin sahəsi 12,013 hektar, məhsuldarlıq hektardan 152 sentner olubsa, 2019-cu ildə əkin sahəsi 12,196 hektar məhsuldarlıq isə 161 sentnerə yüksəlib. İki il əvvəl 160,1 min ton xurma istehsal olunmuşdusa, 2019-cu ildə istehsal həcmi 10,6 faiz artaraq 177,1 min ton təşkil edib. Bağlardakı məhsuldarlıq isə 6 faiz artıb.
Bu inkişafı stimullaşdıran əsas amillərdən biri ixrac olub. Məlum olduğu kimi, ənənəvi ixrac bazarımız olan Rusiyada xurma həmişə əlverişli mövqe tutaraq sərfəli qiymətə satılıb. Təkcə 2018-ci ildə bu qonşu ölkəyə 114 milyon dollarlıq 151 min ton xurma ixrac olunub. Lakin 2018-2019-cu təsərrüfat ilində Rusiya bazarlarında baş verən qiymət dəyişmələri, əvəzində daxili bazarda xurma üçün əlverişli qiymətin formalaşması ixracın həcminə ciddi təsir göstərib.
Nəticədə 2019-cu ilin yanvar-dekabr ayları ərzində Rusiya və digər xarici ölkələrə 104 milyon dollar dəyərində 146,1 min ton meyvə ixrac olunub ki, bu da ötənilki göstəricidən təxminən 5 min ton azdır. Həmçinin xarici bazarlarda xurma üçün qiymətlər 2018-ci ildəki qiymətlərlə müqayisədə əlverişli olmayıb. Əgər iki il əvvəl Rusiya bazarlarında xurmanın topdansatışı tonu 759 dollar, pərakəndə satışı 76 sent təşkil edibsə, 2019-cu ildə tonu 716,5 dollara, pərakəndə satışı isə 72 sentə enib.
Daxili bazarda xurma üçün formalaşmış əlverişli qiymət mühitinin bir sıra sahibkarları məhsullarını ölkə bazarlarında satmağa təşviq etdiyini deyən N.Nəsirli bildirib ki, qeyd etdiyimiz dövrdə xurmanın daxili orta bazar qiymətləri 3 faiz yüksələrək topdan 0.68 qəpik həddində qərarlaşıb: “Pərakəndə qiymətlər daha yüksək olduğu üçün sahibkarlarımız məhsullarını uzun məsafə qət edərək Rusiya bazarlarına yox, yaxın bazarlarda realizə etməyə üstünlük veriblər. İxrac həcmində azalmanın əsas səbəbi xurmanın xarici bazarlarda mövqeyinin zəifləməsi fonunda, daxili bazarda güclü mövqe qazanmasıdır. Bütün bunlara baxmayaraq, xurma ixracın strukturunda əsas məhsullardan biri olaraq qalır və heç şübhəsiz ki, növbəti illərdə həm istehlakda, həm də xarici bazarlarda əlverişli mövqeyini qoruyacaq”.