AQRO

28 Yanvar

Tərtərdə istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb

Tərtər rayonunun Soyulan kəndində yaradılan istixana kompleksində yetişdirilən pomidorun yığımına başlanılıb. İstehsal edilən məhsulun daxili bazara çıxarılması ilə yanaşı, xaricə də ixrac olunması nəzərdə tutulur.

Təsərrüfat sahibi Nofər Nəsirov bildirib ki, ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksdə keçən ilin oktyabrında 28 min ədəd pomidor şitili əkilib. Bitkilər təbii şəkildə becərilir, mayalanması arılar vasitəsilə həyata keçirilir. Normal qulluq edildikdə hər şitildən 8-10 kiloqram məhsul götürülür. Artıq məhsul yığılmağa başlanıb. Günaşırı 500-600 kiloqram məhsul yığılaraq satışa çıxarılır. Təsərrüfatda məhsul yığımı may ayının sonunadək davam edəcək. İstixana kompleksində məhsul istehsalının ildə iki dəfə həyata keçirilməsi nəzərdə tutulur.

Bölgələrdə bu cür müasir komplekslərin fəaliyyət göstərməsi ərzaq bolluğu yaratmaqla yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına imkan verir. Təsərrüfatda işlə təmin olunan sakinlərdən biri də Nəzakət Aslanovadır. “Üç aya yaxındır ki, istixanada işləyirəm. Gündəlik olaraq budama, dolama işləri görür, günaşırı pomidor yığımı həyata keçiririk. İşimdən çox razıyam”, - deyə N.Aslanova bildirib.

Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində iş aparılır. İstixananın sahəsinin 5 hektara çatdırılması, işçilərin sayının isə artırılması nəzərdə tutulur.