AQRO

14 Yanvar

İmişlidə ötən il süni mayalanma yolu ilə 1774 baş buzov alınıb

İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sektorun inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

Rayon statistika idarəsindən  bildiriblər ki, hazırda İmişlidə 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Onlardan da 4-ü əsas, 2-si isə yardımçı məntəqələridir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2999 baş inək və düyədən 1774 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara 177 min 400 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 89 min baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

©Azertac.az