AQRO

09 Yanvar

Maldarlara 265 min 700 manat subsidiya ödənilib

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.

Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 4 min 228 baş inək və düyədən 2 min 657 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Bu isə 2018-ci ildəkindən 502 baş çoxdur. Mayalanma aparılmış hər 100 baş inəyə 70 bala düşüb.

Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 265 min 700 manat subsidiya ödənilib.

Cins tərkibi yaxşılaşdırılmış buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli cinslərdən 3-4 dəfə çox olur.